CƏLALƏ NƏZƏROĞLUNUN “TED-X” ÇIXIŞI 6-CI MEYMUN...
Salam, dostlar. Xoş gördüm hamınızı. Niyə “6-cı meymun”dur?,
İngiltərədə alimlər meymunlar üzərində bir test keçirir. Test əsnasında 6 meymun içi boş olan bir otağa yerləşdirilir. Yuxarıda bir rəf düzəldib ora bananla dolu qutu qoyurlar. Yuxarı dırmaşmaq üçün nərdivan yerləşdirirlər. Meymunlardan biri sürətlə nərdivana çıxıb əlini banana vurmaq istəyən kimi onun üstünə yüksək təzyiqlə su vurulur. Meymun nərdivandan yerə yıxılır. Üstəlik, ətrafda olan digər meymunlar da islanırlar. Bundan sonra hansı meymun yuxarı dırmanmaq istəyərdi? Digərləri suyun yenidən onları isladacağından qorxub həmin meymunu döyürdülər. Bu ərəfədə alimlər meymunların xəbəri olmadan 6-cı meymunu otaqdan çıxarıb əvəzinə başqa meymunu otağa salırlar. Yeni gələn meymun heç nədən xəbərdar deyil və gözünə bananlar görünən kimi o da nərdivana sarı gedir. Bunu görən digər beş meymun onu döyür. Alimlər bu prosesi otaqda əvvəlki 6 meymundan heç biri qalmayana qədər davam etdirirlər. İndi otaqdakı 6 meymunun hamısı sonradan gələndir və onların heç birinin su əhvalatından xəbəri yoxdur. Meymunların bildiyi tək bir şey var: bananları hansısa səbəbdən götürmək olmaz. Beləliklə, bütün meymunlar banansız qalır.,
Bu təcrübə işi kütlə psixologiyasını ortaya qoyan çox dəqiq təsbit edən ən yaxşı testlərdən biri kimi tarixə düşdü.,
Əgər bu gün burada çıxış etmək şərəfinə nail olmuşamsa, sizinlə aşa bildiyim kütlə psixologiyasına aid bir neçə xatirəmi paylaşmaq istərdim. Çoxuşaqlı ailədə böyüyürdüm. Valideynlərim müəllimdilər. Onlar, əlbəttə, bizim ali məktəbdə oxumağımızı istəyərdilər. Amma reallıq başqa idi. Ayın sonunu güclə gətirən ailə üçün kirayə ev tutub, digər xərclərini ödəyib tələbə oxutmaq o qədər əlçatmaz idi ki, bu barədə evdə söhbət belə getmirdi. 9-cu sinfi bitirmişəm, yay tətilidir. Atama oxumaq istədiyimi dedim. Atam köksünü ötürdü və susdu. Evimiz həmişə qonaq-qaralı olardı. Axşam gördüm ki, nəsə qonaqların sayı bir az çoxdur. Atam yaxın qohumları, qonşuları özünün bişirdiyi xaşa qonaq edib. Söhbətin şirin yerində atam mənim oxumaq istəyimlə bağlı söhbəti açdı və onların fikirləri ilə maraqlandı. Təsəvvür edin ki, danışanların ağızlarına gözlərimi zilləmişəm və hər kəlmələrində elə bilirəm ki, ürəyim yerindən çıxacaq. Biri dedi, Bakıya oxumağa qız göndərdinsə, ondan əlini üz. Biri dedi, bunu kirayəsi filan qədər, ərzaq, paltarı, kitab-dəftəri filan qədər çatdırmayacaqsan. Biri dedi, rüşvət verməsə, o biri kursa onsuz da keçə bilməyəcək, ara yerdə birillik xərcin batacaq. Rüşvət vermək üçün də sənin pulun nə gəzir? Filankəsin uşağı bahalı liseydə oxuyur, cəmi filan qədər bal yığdı, heç ən aşağı fakültəyə də girə bilmədi. Elə çətin suallar salırlar ki! Özü də il ildən pis gəlir e. Təhsil sistemi ilə yaxından uzaqdan əlaqəsi olmayan adamlar o axşam hökm vermişdilər. Ən təsirli arqumentləri isə bu idi: repetitor yanına getməyən uşaq ali məktəbə ömründə girə bilməz. Bunu ona görə deyirdilər ki, atamın xərclərdən kənara çıxıb mənə müəllim tutması mümkün deyildi.,
Səhəri gün coğrafiya müəlliminin evinə getdim. Soruşdum ki, qəbul imtahanına məktəb proqramında olanlardan əlavə nə isə salına bilərmi? Cavab bu idi: “Xeyr”
Evə qayıdıb bir cədvəl yazdım. Bu, zaman bölgüsü idi. O vaxt rayonda nə vaxtın idarə olunması termini var idi, nə də bunu təbliğ edən təlimçilər, kitablar. İnternetdən, sosial şəbəkədən danışmağa heç ehtiyac yoxdur. Bircə onu bilirdim ki, çox çalışmalıyam. Hər gün saat 6-da durub özümə verdiyim tapşırıqları yerinə yetirirdim. Zaman bölgüsünü yemək, hava almaq, bir az yatmaq və yenidən dərs oxumaqla davam etdirirdim. Müəllim yanına hazırlığa gedə bilməmək məni qətiyyən həvəsdən salmırdı. Hətta düşünürdüm ki, paltar geyinmək, yol getmək, orada zaman keçirmək, yenidən evə qayıtmaq xeyli zaman oğurlayacaq və yoracaq.
Soyuq havada sobanın yandığı yeganə otaqda səsdən dərs oxumaq olmurdu. Buz kimi olan digər otaqda təkcə üzüm açıq qalmaq şərtilə, yorğanlara bürünüb, kitabı tutan əlimə əlcək taxıb oxuyurdum.
Yaz, yay, payızın ilk ayları dərs oxumaq üçün ən yaxşı yer mənim üçün çayın kənarındakı qamışlıq idi. Valideynlərim heç bir halda mənə müdaxilə etmirdilər. Bir kəlmə söhbət getmirdi. Sanki mən elə-belə oxuyuram. Bir gün evdə qəbul imtahanının vaxtını dedim. Atam dərindən köks ötürdü. İl 2002. Avqust ayı. Heç bir yeyib-içməyi qaçırmayan qohumlar badələri havada toqquşdurur, hər kəs ağızdolusu “Biz bilirdik ki, o girəcək, fərasətli uşaqdır” deyirdi. Mən BDU-nun Jurnalistika fakültəsinə ödənişsiz qəbul olunmuşdum. Kütlə yanılmışdı.
Sərt qənaət rejimli, ağır, amma həyatının ən gözəl illərindən sayılan tələbəlik illəri başladı. Ərzaq, geyim, kirayə evin şəraiti haqqında danışıb mənə verilən 15 dəqiqədən oğurlamaq istəmirəm. Amma yəqin ki, təsəvvür elədiniz. BDU-da oxuduğum illərdə bir qəpik də olsun, heç kimə rüşvət verməmişəm. Belə faktları alnıaçıq, üzüağ demək məsuliyyət tələb edir. Sabah kimsə bu çıxışı izləyib şərh bölməsində adama doğru demədiyini yaza bilər. Əgər tələbəlik illərinə qayıtsaydım, əlaçı olmaq üçün dəridən qabıqdan çıxmazdım. Bütün fənlərə aid A-dan Z-yə bütün imtahan suallarına cavab hazırlamağa çalışmazdım. Yeni dillər öyrənərdim, bir az da tələbəliyin zövqünü yaşayıb nəfəs alardım.
İl 2006. Univeriteti bitirmişəm. Artıq ailəmin gücü tükənib. İşləməyən, ali məktəbi bitirən qız şəhərdə boş-boşuna nə qədər yaşaya bilər ki? O qədər gərginəm ki, sözlə izah edə bilmirəm. Əgər rayona qayıtsam, mənim televiziya xəyalımın üstündən xətt çəkiləcəkdi. Diplom müdafiəsindən sonra rayona getdiyimdə bizə yığışan qohum-əqrəba xəyalən məni kiminləsə evləndririr, oğul-uşaq sahibi edirdi. Avqust ayında Bakıya qayıtdım. Bir gün həyatımı dəyişən hadisə oldu. Mənim əziz müəllimim, hörmətli professorumuz Qulu Məhərrəmli Aztv-yə təcrübə keçməyə dəvət elədi. Təsəvvür edin ki, səhərdən axşam üstünə kimi dayanmadan özümü ora-bura vurur, kim nə tapşırırsa, can-başla yerinə yetirməyə çalışırdım. İlk dəfə ləhcə ilə danışdığımı mənə Azərbaycan radiosunun diktoru Şəfəq Əlixanlı demişdi. O vaxta qədər bunun fərqində deyildim. O zaman indiki kimi nitq kursu tapmaq asan məsələ deyildi. Öz üzərimdə işləməyə başladım. Aylar sonra mən ədəbi dildə qüsursuz danışırdım. Atama hər ay mənə bir az da möhlət verməsini rica edirdim. Aylıq maaşım cəmi 20 manatlıq mükafat idi. Bunu daha çox qonarar kimi bilirlər. Aparıcılıq arzum elə Aztv-də realaşdı. Ardınca Xəzər tv-də karyeramın unudulmaz sevgisi “Xəzər xəbər”lə tanış oldum. Sonralar müxtəlif televiziyalarda departament rəhbəri və sair vəzifələrdə çalışdım.
Aparıcılıq illərində hiss edirdim ki, paralel olaraq öz işimi qurmaq istəyirəm. Vaxtilə axtarıb tapa bilmədiyim təkcə natiqliyi deyil, məhz Azərbaycan dilində səlis danışmağı öyrədən şirkət yaratmaq hədəfə çevrildi.
Mən, Azərbaycanın ilk peşəkar və spesifik şirkəti olan Diksiya Akademiyası MMC-ni yaratmaqla bağlı fikirlərimi bölüşəndə kütlə məni yenə də az qala ələ saldı. Azərbaycanda kiminsə həm maddiyyat, həm vaxt baxımından bir az imkanı varsa, onu xarici dili öyrənməyə sərf edər. Kimin nəyinə lazımdır bildiyi dili gedib yenidən öyrənmək istəsin. Qısa zaman ərzində kütlənin bu fikri də dərin inanca, dəqiq strategiyaya, doğru seçilmiş proqrama qalib gəldi. Az vaxt içində əvvəllər fikirlərini dolaşıq ifadə edən, onu ciddiyə almadıqlarını düşünən, duyğu və ideyalarını sərbəst, qüsusrsuz və təsirli çatdırmaq istəyən insanlar özlərində olan dəyişikliyi görüb özləri bu şirkəti piar edirdilər.
Kütlə psixologiyasının sərt şilləsi ilə növbəti tanışlığım mükəmməl nitqə sahib olmaq üçün kitab yazmaq istəyəndə oldu. Nəyə lazmdır, o qədər qalın-qalın nitq mədəniyyəti dərslikləri, səhnə danışığı kitabları var. Heç kəs almayacaq. Yenə də susqunluğa qapıldım və bu kitabı yazdım. Kitab o qədər sürətlə yayıldı ki, kitab mağazalarının çoxu özü müraciət edərək onu satmaq istədiyini dedi. Qısa zaman ərzində şəhərin ən tanınmış mağazalarında bu kitab rəflərdə öz yerini aldı.
Bəli, dostlar, kütlə psixologiyası insanlara çox vaxt öz düşüncələri, inancları, ağıl və qabiliyyətləri ilə hərəkət etməyə imkan vermir. İnsanlar 6-cı meymun kimi həyatlarında özləri nəyisə sınaqdan keçirmədən kütlənin fikrinə qapılıb gedirlər. Hətta sosial şəbəkədə bir çox insan günün mövzusu olan məsələdən yazmamaq üçün özünə qalib gələ bilmir. Bəzi insanlar özlərinə mən həqiqətən nə düşünürəm, nə hiss edirəm sualını vermədən kütlənin arxasınca qaçırlar. Axına qarşı üzmək cəsarət istəyir.
Son 10-15 il ərzində bestseller olmuş fərdi inkişaf kitablarının çoxu, keçirilən təlimlərin əksəriyyəti böyük hədəflər qoyub ona doğru can atmağa səsləyir. Biz niyə istəyirik? Daha çox pul qazanmaq üçün. Bəs maddiyyat artdıqca insan daha da xoşbəxt olurmu? İnanın ki, yox. Bir dəfə türklərin hazırladığı animasiya filmi gördüm. Üstündə pul olan uğur və xoşbəxtlik haqqında idi. Uğur durmadan qabağa atılır və israrla xoşbəxtlikdən uzaqlaşırdı. İnsanı yerini tez-tez hiss etdiyi ürəyi xoşbəxt edirmiş. Mən uşaq vaxtı atamın dəmir məftilə sarıdığı əskidən düzəltdiyi fişəngdən aldığım zövqü, onu nöyüt dolu vedrədən çıxaranda gözlərimdə olan sonsuz sevinci, ürəyimdəki şiddətli döyüntünü bu gün bazarda satılan ən bahalı fişəngdən ala bilmərəm. Bu həyat hamımıza bir dəfə verilir. Həyatımızdakı ən vacib adamı sevmək hələ də gec deyil. Xəyallarınızı onları darmadağın edənlərlə deyil, sizə qanad taxanlala bölüşün. Nəsillərdən-nəsillərə ötürülən bəzi yanaşmaları siz dəyişdirə bilərsiniz. Bu həyatda sevgi ilə görülən heç bir iş uğursuz ola bilməz. Sevgi həvəs, həvəs iradə, iradə daha çox israr yaradır. Və inadkarlıqla döyülən o qapı mütləq açılır. Sevdiklərinizə zamanında bol-bol sarılın, bol-bol xatirə toplayın ona aid dəyər qutunuzda.
25 Fev 2021