DİLİMİN UCUNDAKI KƏLMƏLƏR

Hər kəsin bəlli yaşlarda öyrəndiyi həyat həqiqətləri olur. Adətən, bunları yetkinlik yaşından etibarən dərk edirik. Yaşımız artdıqca qəbul etdiyimiz, barışdığımız həqiqətlərin miqyası böyüyür, çəkisi artır. Və biz onları daşımaq gücündə oluruq.

Həyatımın ən böyük həqiqətini öyrənəndə cəmi 6 yaşım var idi. 6 yaşım olanda ana nənəm bərk xəstələndi. Və biz ölkənin cənubundan şimalına ona dəyməyə getdik. Anama onun xəstəliyinin ciddi olduğu barədə heç nə demədilər. 2 gün qalıb qayıtmağa hazırlaşırdıq. Hamı yatağına doğru əyilib onunla sağollaşdı. Mən o zaman evin sonbeşiyi idim, anamdan heç ayrılmazdım. Anamla otaqdan çıxanda nədənsə dönüb nənəmə baxdım, elə bildim ki, məni çağırır. Sümükləri çıxmış, uzun barmaqlı əlini havada yellədib işarə ilə məni çağırırdı. Anam bunu görmədi və artıq çıxmışdı. Nənəmin çarpayısına yaxınlaşdım. Əllərimi ovuclarının arasına alıb güclə danışmağa başladı:

“Anan qəribdir yad eldə (“qərib” – red). Mənim ömrümə az qalıb. Həkim düz demir. Mən özüm bilirəm. Anan sənə əmanət, mənim ağıllı balam. Sən susqun olsan da, bilirəm ki, çox ağıllısan. Ananı sənə əmanət edirəm”.

Gözlərim heyrətdən böyümüşdü. Heç nə demədim. Əllərimi çəkib arxa-arxaya uzaqlaşmağa başladım. Qapıya çatanda nənəm xırıltılı səslə son sözünü dedi: “Bunu heç vaxt anana deməyəcəyini bilirəm”. “Bunu heç vaxt anana demə”, – demədi. Məhz bunu deməyəcəyimdən əmin olduğunu söylədi.

Ona sarılmadığım üçün ömrüm boyu peşman olmuşam. Çölə çıxanda hamının maşına yerləşmək, əşyaların hamısının yerində olub-olmaması həyəcanında olduğunu gördüm. Mənə heç kim fikir vermədi. Ürəyim şiddətlə döyünürdü, ağlamaq istəyirdim.

Yol boyu pəncərədən çölü seyr etdim və mənim üçün bu boyda sirri daşımaq o qədər ağır idi ki! Elə bilirdim çiyinlərimdə dizlərimi qatlayacaq ağır bir yük var. Anamı tez-tez qucaqlayıb onu qoxlayırdım. Evə qayıtdıq. Təxminən 1 ay sonra anam 2 bacım və qardaşımla birlikdə güllərin dibini yumşaldıb su verirdi. Mən də yaxınlıqda oynayırdım. Bizə teleqram gəldi. Anam açıb oxudu. Qadın nə ağladı, nə qışqırdı, nə yerə çökdü. Əlindəki belə söykənib saniyələrlə heykəl kimi dayandı.

Bu əhvalatı anama ilk dəfə deyəndə 19 yaşım vardı. Nənəm mənə 3 şey öyrətmişdi. Bunlardan biri susmağı bacarmaqdır. Bütün ömrüm boyu yeri heç boşalmayan qiymətli xəzinəm oldu və mənə inanılmaz şeylər qazandırdı. Susmağın faydası haqqında sonra mütləq danışacam.

İkincisi, birinin sənə güvəndiyini bilməyin inanılmaz sehrini! Kəlmələr insanın həyatını dəyişə bilərmiş! O gün mən özümü birinin sirrini daşıyacaq qədər önəmli adam hesab edirdim. O gündən mən özümü şəxsiyyət kimi hiss edirdim. Bu isə mənim cəsarətli davranışlarımda özünü göstərməyə başladı.

Üçüncü öyrəndiyim məsələ birinə görə məsuliyyət daşımaq, onu əmanət kimi alıb qorumaq idi. Sən ürəyin istədiyi zaman istədiyin hərəkəti edə bilməzsən. O hərəkətdən ziyan çəkəcək insanları nəzərə almağa məcbursan.

İllər boyu bu hadisənin təsiri altında susmaqla danışmaq arasındakı fərqi müşahidə edirdim. Çevrəmdə “Sənə demədim, qaçma, yıxılıb başını partladacaqsan” deyən analar var idi, çevrəmdə “Balam, yavaş gəz, sənə nəsə olacaq deyə, çox narahatam” deyən analar vardı.

Çox sonralar müşahidələrim göstərdi ki, fövqəladə hadisələri çıxmaq şərtilə, insanların başına nə gəlirsə, sözdən gəlir.

25 Fev 2021

Digər bloglar

NATİQLİK SƏNƏTİNİN YARANMA TARİXİ- I HİSSƏ

25 Fev 2021

“OHA” VAR DAĞA QALDIRAR, “OHA” VAR DAĞDAN DÜŞÜRƏR”

25 Fev 2021

DİŞLƏR

25 Fev 2021
Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.